İsveçrə Konfederasiyasının Solothurn şəhərində Qarabağ atına həsr olunmuş büstün açılış mərasimi keçirilmişdir.
6 iyun 2026-cı il tarixində İsveçrə Konfederasiyasının Solothurn şəhərində Azərbaycan Atçılıq Federasiyası və Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ atına həsr olunmuş büstün açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras büstün dərnəyə hədiyyə olunmasına görə təşəkkürünü ifadə etmiş, bu təşəbbüsün İsveçrədə yaşayan Azərbaycan icması üçün xüsusi mənəvi və mədəni dəyər daşıdığını vurğulamışdır. Sözügedən mərkəzin 1992-ci ildən fəaliyyət göstərdiyini qeyd edən Cevzet Aras Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikasının İsveçrədəki səfiri Fuad İsgəndərov çıxış edərək Qarabağ atına həsr olunmuş büstün açılışının mühüm simvolik və mədəni əhəmiyyət daşıdığını vurğulamışdır. Səfir qeyd etmişdir ki, Qarabağ atı Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini və milli kimliyini təcəssüm etdirən unikal simvollardan biridir. F.İsgəndərov bu kimi təşəbbüslərin xaricdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, Azərbaycan mədəniyyətinin tanıdılmasına və diaspor təşkilatları arasında həmrəyliyin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini bildirmişdir. O, xüsusilə qeyd etmişdir ki, bu cür abidələr gənc nəsildə vətənə bağlılıq hissinin möhkəmlənməsində və milli kimliyin yaşadılmasında mühüm rol oynayır.
Səfir, həmçinin, Vətən müharibəsindən sonra Qarabağ atının Azərbaycanın Zəfərini, gücünü və iradəsini təcəssüm etdirən mühüm rəmzlərdən birinə çevrildiyini diqqətə çatdırmışdır..
Çıxışının sonunda səfir bu təşəbbüsün həyata keçirilməsinə görə bütün qurumlar, təşkilatçılar və iştiraçılara təşəkkürünü ifadə etmişdir
Mərasimin davamında səfir Fuad İsgəndərov və sədr Cevzet Aras tərəfindən büstün rəmzi açılışı həyata keçirilmişdir.
Tədbirdə İsveçrədə yaşayan Azərbaycan diasporasının nümayəndələri, Solothurn şəhərinin fəalları və Azərbaycanın İsveçrədəki Səfirliyinin əməkdaşları iştirak etmişdirlər.